Hüquq mürəkkəb görünə bilər, amma hər şey sadə və təcrübi izahdan başlayır. Sadə Hüquq platformasının məqsədi mülki hüququ sadə izah və həyati nümunələrlə yeni bir səviyyəyə daşımaq , zəruri tədris materiallarına çıxışı daha əlçatan etmək və sizin etibarlı hüquq bələdçiniz olmaqdır.
المشاركات

Qonşu problemləri: Nə vaxt dözməli, nə vaxt hüquqlarınızı tələb etməli?

Mammadli A.

 



"Qonşun pisdir, köç qutar" atalar sözü yəqin ki, çoxlarına tanışdır. Lakin qonşunuzla, məsələn, onun əmlakından gələn kəskin qoxular və ya səs-küy səbəbindən çətinliklər yaşayırsınızsa, bilməlisiniz ki, köçmək yeganə çıxış yolu deyil. Bu cür problemləri hüquqi yolla həll etmək, hətta dəymiş narahatlığa görə təzminat almaq imkanınız da mövcuddur. Bu yazıda qonşuluq hüququ anlayışı və qonşu təsirinə dözümlülük vəzifəsi barədə məlumat veriləcək. Qonşunuzla bağlı narazılığınız varsa, bu yazı sizin üçün faydalı ola bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 170.1-ci maddəsi təsbit edir ki, qarşılıqlı təsir potensialı olan hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşu əmlak hesab olunur. Bu maddəyə görə, qonşu əmlakların sahibləri qanunla müəyyən edilmiş hüquq və öhdəliklərlə yanaşı, qarşılıqlı hörmət prinsipinə əməl etməlidirlər. Hər bir mülkiyyətçi öz hüquqlarını istifadə edərkən qonşu əmlaka həddindən artıq mənfi təsirlər göstərməkdən yayınmalıdır. Belə ki, işlənmiş qazlar, toz, kəskin qoxular, səs-küy və ya vibrasiya kimi zərərli və torpaq sahəsinin yerləşməsi və xüsusiyyətlərinə uyğun olmayan qanunsuz təsirlər yolverilməzdir.

Suyun axınına müdaxilə etmək olarmı?

MM-in 170.3-cü maddəsi qonşunun zərərinə olacaq şəkildə suyun təbii axın istiqamətini dəyişdirməyi qadağan edir. Yuxarıda yerləşən torpaq sahəsindən aşağıdakı sahə üçün zəruri olan su, yuxarıdakı sahənin ehtiyacları nəzərə alınmaqla axıdılmalıdır. Aşağıda yerləşən torpaq sahəsinin sahibi, əvvəllər təbii yolla onun sahəsinə gələn suyu kompensasiya ödəmədən qəbul etməlidir. Əgər suyun axıdılması nəticəsində aşağıdakı mülkiyyətçiyə zərər dəyərsə, o, yuxarıdakı mülkiyyətçidən öz vəsaiti hesabına onun sahəsindən su axıdılması üçün kanal (nov) çəkilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, bir neçə torpaq sahəsindən keçən tullantı və ya yeraltı suların axın istiqamətini dəyişdirmək və ya onları qarışdırmaqla digər torpaq sahələrində suyun həcmini azaltmaq və ya keyfiyyətini pisləşdirmək də qanunla qadağandır.

Qonşunun təsirinə dözmək öhdəliyi nə deməkdir?

Mülki Məcəllənin 171.1-ci maddəsinə görə, torpaq sahəsinin və ya başqa bir daşınmaz əmlakın sahibi, qonşu sahədən gələn qaz, buxar, qoxu, his, tüstü, səs-küy, istilik, vibrasiya və bu kimi digər təsirlərin öz əmlakına keçməsinə o halda mane ola bilməz ki, bu təsirlər onun əmlakdan istifadəsinə ciddi əngəl törətməsin və ya hüquqlarını yalnız cüzi dərəcədə məhdudlaşdırsın.

Aydındır ki, dözülməli olan təsir ciddi olmamalı və mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə pozmamalıdır. Ancaq elə vəziyyətlər də mövcuddur ki, qonşudan gələn təsir əhəmiyyətli olsa da, qanuni sayılır. Bu, o zaman baş verir ki, ciddi təsir qonşu torpaq sahəsindən və ya digər daşınmaz əmlakdan adi qaydada istifadədən qaynaqlanır və həmin ərazi üçün normal sayılan təsərrüfat fəaliyyəti çərçivəsində görülə biləcək tədbirlərlə onun qarşısını almaq mümkün deyil. Bu halda da mülkiyyətçi qonşu təsirinə etiraz edə bilməz.

Buna baxmayaraq, əgər mülkiyyətçi qanuna əsasən bu cür təsirə dözməyə məcburdursa, lakin həmin təsir konkret ərazi üçün müəyyən edilmiş adi istifadə və iqtisadi cəhətdən məqbul sayılan hədləri aşırsa, o zaman təsirə səbəb olan qonşu əmlakın sahibindən müvafiq pul təzminatı tələb etmək hüququna malikdir.

 


إرسال تعليق

Çərəzlərə (Cookies) icazə ver
Sadə hüquq platformu davamlılığının təmin olunması üçün çərəzlərdən(cookies) istifadə edir.
Oops!
İnternet bağlantısı ilə bağlı problem var, zəhmət olmasa internetə yenidən qoşulun.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.
Sadə hüquq Whatsapp chatına xoş gəlmisiniz
Sizə necə kömək edə bilərik?
Buraya yazın...