"Qonşun pisdir,
köç qutar" atalar sözü yəqin ki, çoxlarına tanışdır. Lakin qonşunuzla, məsələn,
onun əmlakından gələn kəskin qoxular və ya səs-küy səbəbindən çətinliklər
yaşayırsınızsa, bilməlisiniz ki, köçmək yeganə çıxış yolu deyil. Bu cür
problemləri hüquqi yolla həll etmək, hətta dəymiş narahatlığa görə təzminat
almaq imkanınız da mövcuddur. Bu yazıda qonşuluq hüququ anlayışı və qonşu təsirinə
dözümlülük vəzifəsi barədə məlumat veriləcək. Qonşunuzla bağlı narazılığınız
varsa, bu yazı sizin üçün faydalı ola bilər.
Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin (MM) 170.1-ci maddəsi təsbit edir ki,
qarşılıqlı təsir potensialı olan hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak
qonşu əmlak hesab olunur. Bu maddəyə görə, qonşu əmlakların sahibləri qanunla
müəyyən edilmiş hüquq və öhdəliklərlə yanaşı, qarşılıqlı hörmət prinsipinə əməl
etməlidirlər. Hər bir mülkiyyətçi öz hüquqlarını istifadə edərkən qonşu əmlaka
həddindən artıq mənfi təsirlər göstərməkdən yayınmalıdır. Belə ki, işlənmiş
qazlar, toz, kəskin qoxular, səs-küy və ya vibrasiya kimi zərərli və torpaq sahəsinin
yerləşməsi və xüsusiyyətlərinə uyğun olmayan qanunsuz təsirlər yolverilməzdir.
Suyun axınına
müdaxilə etmək olarmı?
MM-in 170.3-cü maddəsi
qonşunun zərərinə olacaq şəkildə suyun təbii axın istiqamətini dəyişdirməyi
qadağan edir. Yuxarıda yerləşən torpaq sahəsindən aşağıdakı sahə üçün zəruri
olan su, yuxarıdakı sahənin ehtiyacları nəzərə alınmaqla axıdılmalıdır. Aşağıda
yerləşən torpaq sahəsinin sahibi, əvvəllər təbii yolla onun sahəsinə gələn suyu
kompensasiya ödəmədən qəbul etməlidir. Əgər suyun axıdılması nəticəsində
aşağıdakı mülkiyyətçiyə zərər dəyərsə, o, yuxarıdakı mülkiyyətçidən öz vəsaiti
hesabına onun sahəsindən su axıdılması üçün kanal (nov) çəkilməsini tələb etmək
hüququna malikdir. Eyni zamanda, bir neçə torpaq sahəsindən keçən tullantı və
ya yeraltı suların axın istiqamətini dəyişdirmək və ya onları qarışdırmaqla digər
torpaq sahələrində suyun həcmini azaltmaq və ya keyfiyyətini pisləşdirmək də
qanunla qadağandır.
Qonşunun təsirinə
dözmək öhdəliyi nə deməkdir?
Mülki Məcəllənin
171.1-ci maddəsinə görə, torpaq sahəsinin və ya başqa bir daşınmaz əmlakın
sahibi, qonşu sahədən gələn qaz, buxar, qoxu, his, tüstü, səs-küy, istilik,
vibrasiya və bu kimi digər təsirlərin öz əmlakına keçməsinə o halda mane ola
bilməz ki, bu təsirlər onun əmlakdan istifadəsinə ciddi əngəl törətməsin və ya
hüquqlarını yalnız cüzi dərəcədə məhdudlaşdırsın.
Aydındır ki, dözülməli
olan təsir ciddi olmamalı və mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə
pozmamalıdır. Ancaq elə vəziyyətlər də mövcuddur ki, qonşudan gələn təsir əhəmiyyətli
olsa da, qanuni sayılır. Bu, o zaman baş verir ki, ciddi təsir qonşu torpaq sahəsindən
və ya digər daşınmaz əmlakdan adi qaydada istifadədən qaynaqlanır və həmin ərazi
üçün normal sayılan təsərrüfat fəaliyyəti çərçivəsində görülə biləcək tədbirlərlə
onun qarşısını almaq mümkün deyil. Bu halda da mülkiyyətçi qonşu təsirinə etiraz
edə bilməz.
Buna baxmayaraq, əgər
mülkiyyətçi qanuna əsasən bu cür təsirə dözməyə məcburdursa, lakin həmin təsir
konkret ərazi üçün müəyyən edilmiş adi istifadə və iqtisadi cəhətdən məqbul
sayılan hədləri aşırsa, o zaman təsirə səbəb olan qonşu əmlakın sahibindən
müvafiq pul təzminatı tələb etmək hüququna malikdir.