Kredit öhdəlikləri ilə
bağlı bankların birbaşa əməkhaqqından pul tutması praktikasına tez-tez rast gəlinir.
Bəs, bankların bu addımı qanuna uyğundurmu? Vətəndaşın maaşından maksimum nə qədər
vəsait tutula bilər? Bu məqalədə məhz bu aktual suallara aydınlıq gətirəcəyik.
Qaldırılan suallara
dair məhkəmə yanaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2022 nömrəli
Qərardadı ilə formalaşıb. Bu qərardad məhz müqavilə əsasında borclunun razılığı
olmadan (akseptsiz qaydada) əməkhaqqından tutulmaların mümkün limitləri barədə
qanunvericiliyin tətbiqini izah edir.
Bank Borclunun
Maaşının Hamısını Tutmaq Hüququna Malikdirmi?
Ali Məhkəmə bu məsələyə
qiymət verərkən qeyd edib ki, borca görə kreditor tərəfindən borclunun bütün əməkhaqqının
razılıq olmadan silinməsinin hədlərini müəyyən etmək üçün öncə hər bir şəxsin
Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilən hüquqlarının mahiyyətini
və mülki qanunvericiliyin prinsiplərini birlikdə təhlil etmək lazımdır.
Şəxsin əmək hüququ
onun fundamental konstitusion hüquqlarından biridir. Konstitusiyanın 35-ci maddəsi
hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, ayrı-seçkilik olmadan gördüyü
işə görə dövlətin təyin etdiyi minimum əməkhaqqı miqdarından az olmayan məbləğdə
haqq almaq hüququnu təsbit edir. Məcburi əmək qadağandır.
Dolayısıyla, əhalinin
rifahının yaxşılaşdırılması, sosial təminatı, layiqli yaşayış səviyyəsi və əmək
hüquqlarının qorunması dövlətin əsas vəzifələrindəndir. Bu hüquqlar yalnız
qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
Əməkhaqqından
Tutulmalar Necə Tənzimlənir?
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 176.1-176.3-cü maddələri bu məsələni tənzimləyir.
Qanuna görə:
- Hər əməkhaqqı ödənişi zamanı tutulan bütün
məbləğlərin cəmi, işçiyə çatası məbləğin 20 faizindən çox ola bilməz.
- Qanunvericilikdə nəzərdə tutulan xüsusi
hallarda (məsələn, məhkəmə qərarı ilə müəyyən edilmiş borclar) bu hədd 50
faizə qədər arta bilər.
- Əgər işçiyə qarşı bir neçə icra sənədi üzrə
tutulma aparılırsa, hər bir halda onun əməkhaqqının azı 50 faizi
özündə saxlanılmalıdır.
Bu 20% və 50% məhdudiyyətləri
aşağıdakı hallara şamil edilmir: islah işləri çəkənlərdən tutulmalar, aliment
ödənişləri, sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi, ailə başçısını
itirmə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi və cinayət nəticəsində
vurulmuş ziyanın ödənilməsi.
Həmçinin, “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 – 65.3-cü maddələri də müvafiq
tələblər irəli sürür:
- İcra sənədi üzrə borclunun əməkhaqqından və
ona bərabər tutulan gəlirlərindən tutulan məbləğ 50 faizi keçə
bilməz.
- Əgər tələb bir neçə icra sənədi üzrə
borclunun maaşına və digər gəlirlərinə yönəldilirsə, yenə də
qazancın ən azı 50 faizi borcluda qalmalıdır.
- Lakin, alimentlərin tutulması, sağlamlığa
vurulmuş zərərin ödənilməsi, ailə başçısını itirmə nəticəsində zərərçəkmiş
şəxslərə vurulan ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş
ziyanın ödənilməsi halları üçün bu 50%-lik limit tətbiq olunmur. Belə vəziyyətlərdə
əməkhaqqı və digər gəlirlərdən tutulan məbləğ 70 faizdən çox ola
bilməz.
Göründüyü kimi,
qanunvericilik, müəyyən istisnalar xaricində, şəxsin əməkhaqqından tutulmaların
yuxarı həddini (birbaşa müqavilə əsasında) 20 faiz olaraq müəyyən
edir. Bu məhdudiyyətin əsas məqsədi vətəndaşın sosial müdafiəsini gücləndirmək
və ona minimum yaşayış səviyyəsini təmin etmək üçün zəruri vəsaiti saxlamaqdır.
Bəs Müqavilədə
Qanunun Bu Tələblərini Pozan Şərtlər Nəzərdə Tutularsa, Onlar Hüquqi Qüvvəyə
Malikdirmi?
Mülki hüququn əsas
prinsiplərindən biri müqavilə azadlığıdır. Lakin bu azadlıq mütləq deyil və
qanunvericiliyin imperativ (məcburi) normaları ilə məhdudlaşdırılır. Mülki Məcəlləyə
əsasən, qanunun tələblərini pozan əqd (müqavilə) etibarsız sayılır (əhəmiyyətsizdir).
Məhz buna görə də,
kreditora borclunun əməkhaqqından qanunla icazə verilən həddən artıq məbləği (məsələn,
20%-dən çox) onun razılığı olmadan (akseptsiz qaydada) tutmaq səlahiyyəti verən
müqavilə və ya onun müvafiq şərti etibarsızdır. Çünki belə bir şərt həm şəxsin
konstitusion hüquqlarına, həm mülki və əmək qanunvericiliyinin fundamental
prinsiplərinə, həm də dövlətin sosial müdafiə siyasətinin məqsədlərinə ziddiyyət
təşkil edir.
Yekun Nəticə
Yekun olaraq, Ali Məhkəmə
qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlib ki, kredit müqaviləsində
kreditora borclunun əməkhaqqının 20 faizindən çox hissəsini akseptsiz
qaydada (yəni, yalnız müqaviləyə əsaslanaraq, məhkəmə qərarı və ya yuxarıda
sadalanan xüsusi hallar olmadan) tutmaq hüququ verən şərt qanuna zidd olduğu
üçün əhəmiyyətsizdir və hüquqi qüvvəyə malik deyil.
Mövzu ilə bağlı əlavə
suallarınız yaranarsa, şərhdə ünvanlaya bilərsiniz.
