Hüquq mürəkkəb görünə bilər, amma hər şey sadə və təcrübi izahdan başlayır. Sadə Hüquq platformasının məqsədi mülki hüququ sadə izah və həyati nümunələrlə yeni bir səviyyəyə daşımaq , zəruri tədris materiallarına çıxışı daha əlçatan etmək və sizin etibarlı hüquq bələdçiniz olmaqdır.

Kredit borcuna görə hansı həddə əməkhaqqından tutulmalar ola bilər?

kredit borcu, emekhaqqindan tutulma, bank, kredit borcuna gore ne qeder pul tuta bilerler
Mammadli A.



Kredit öhdəlikləri ilə bağlı bankların birbaşa əməkhaqqından pul tutması praktikasına tez-tez rast gəlinir. Bəs, bankların bu addımı qanuna uyğundurmu? Vətəndaşın maaşından maksimum nə qədər vəsait tutula bilər? Bu məqalədə məhz bu aktual suallara aydınlıq gətirəcəyik.

Qaldırılan suallara dair məhkəmə yanaşması Azərbaycan Respublikası Ali Məhkəməsinin 03/2022 nömrəli Qərardadı ilə formalaşıb. Bu qərardad məhz müqavilə əsasında borclunun razılığı olmadan (akseptsiz qaydada) əməkhaqqından tutulmaların mümkün limitləri barədə qanunvericiliyin tətbiqini izah edir.

Bank Borclunun Maaşının Hamısını Tutmaq Hüququna Malikdirmi?

Ali Məhkəmə bu məsələyə qiymət verərkən qeyd edib ki, borca görə kreditor tərəfindən borclunun bütün əməkhaqqının razılıq olmadan silinməsinin hədlərini müəyyən etmək üçün öncə hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə təmin edilən hüquqlarının mahiyyətini və mülki qanunvericiliyin prinsiplərini birlikdə təhlil etmək lazımdır.

Şəxsin əmək hüququ onun fundamental konstitusion hüquqlarından biridir. Konstitusiyanın 35-ci maddəsi hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, ayrı-seçkilik olmadan gördüyü işə görə dövlətin təyin etdiyi minimum əməkhaqqı miqdarından az olmayan məbləğdə haqq almaq hüququnu təsbit edir. Məcburi əmək qadağandır.

Dolayısıyla, əhalinin rifahının yaxşılaşdırılması, sosial təminatı, layiqli yaşayış səviyyəsi və əmək hüquqlarının qorunması dövlətin əsas vəzifələrindəndir. Bu hüquqlar yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

Əməkhaqqından Tutulmalar Necə Tənzimlənir?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176.1-176.3-cü maddələri bu məsələni tənzimləyir. Qanuna görə:

  1. Hər əməkhaqqı ödənişi zamanı tutulan bütün məbləğlərin cəmi, işçiyə çatası məbləğin 20 faizindən çox ola bilməz.
  2. Qanunvericilikdə nəzərdə tutulan xüsusi hallarda (məsələn, məhkəmə qərarı ilə müəyyən edilmiş borclar) bu hədd 50 faizə qədər arta bilər.
  3. Əgər işçiyə qarşı bir neçə icra sənədi üzrə tutulma aparılırsa, hər bir halda onun əməkhaqqının azı 50 faizi özündə saxlanılmalıdır.

Bu 20% və 50% məhdudiyyətləri aşağıdakı hallara şamil edilmir: islah işləri çəkənlərdən tutulmalar, aliment ödənişləri, sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi, ailə başçısını itirmə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi.

Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 – 65.3-cü maddələri də müvafiq tələblər irəli sürür:

  1. İcra sənədi üzrə borclunun əməkhaqqından və ona bərabər tutulan gəlirlərindən tutulan məbləğ 50 faizi keçə bilməz.
  2. Əgər tələb bir neçə icra sənədi üzrə borclunun maaşına və digər gəlirlərinə yönəldilirsə, yenə də qazancın ən azı 50 faizi borcluda qalmalıdır.
  3. Lakin, alimentlərin tutulması, sağlamlığa vurulmuş zərərin ödənilməsi, ailə başçısını itirmə nəticəsində zərərçəkmiş şəxslərə vurulan ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi halları üçün bu 50%-lik limit tətbiq olunmur. Belə vəziyyətlərdə əməkhaqqı və digər gəlirlərdən tutulan məbləğ 70 faizdən çox ola bilməz.

Göründüyü kimi, qanunvericilik, müəyyən istisnalar xaricində, şəxsin əməkhaqqından tutulmaların yuxarı həddini (birbaşa müqavilə əsasında) 20 faiz olaraq müəyyən edir. Bu məhdudiyyətin əsas məqsədi vətəndaşın sosial müdafiəsini gücləndirmək və ona minimum yaşayış səviyyəsini təmin etmək üçün zəruri vəsaiti saxlamaqdır.

Bəs Müqavilədə Qanunun Bu Tələblərini Pozan Şərtlər Nəzərdə Tutularsa, Onlar Hüquqi Qüvvəyə Malikdirmi?

Mülki hüququn əsas prinsiplərindən biri müqavilə azadlığıdır. Lakin bu azadlıq mütləq deyil və qanunvericiliyin imperativ (məcburi) normaları ilə məhdudlaşdırılır. Mülki Məcəlləyə əsasən, qanunun tələblərini pozan əqd (müqavilə) etibarsız sayılır (əhəmiyyətsizdir).

Məhz buna görə də, kreditora borclunun əməkhaqqından qanunla icazə verilən həddən artıq məbləği (məsələn, 20%-dən çox) onun razılığı olmadan (akseptsiz qaydada) tutmaq səlahiyyəti verən müqavilə və ya onun müvafiq şərti etibarsızdır. Çünki belə bir şərt həm şəxsin konstitusion hüquqlarına, həm mülki və əmək qanunvericiliyinin fundamental prinsiplərinə, həm də dövlətin sosial müdafiə siyasətinin məqsədlərinə ziddiyyət təşkil edir.

Yekun Nəticə

Yekun olaraq, Ali Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlib ki, kredit müqaviləsində kreditora borclunun əməkhaqqının 20 faizindən çox hissəsini akseptsiz qaydada (yəni, yalnız müqaviləyə əsaslanaraq, məhkəmə qərarı və ya yuxarıda sadalanan xüsusi hallar olmadan) tutmaq hüququ verən şərt qanuna zidd olduğu üçün əhəmiyyətsizdir və hüquqi qüvvəyə malik deyil.

Mövzu ilə bağlı əlavə suallarınız yaranarsa, şərhdə ünvanlaya bilərsiniz.


تعليق واحد

  1. Ttt
Çərəzlərə (Cookies) icazə ver
Sadə hüquq platformu davamlılığının təmin olunması üçün çərəzlərdən(cookies) istifadə edir.
Oops!
İnternet bağlantısı ilə bağlı problem var, zəhmət olmasa internetə yenidən qoşulun.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.
Sadə hüquq Whatsapp chatına xoş gəlmisiniz
Sizə necə kömək edə bilərik?
Buraya yazın...