Təsəvvür edək ki, Əli adlı şəxs X bankından 50 min manat məbləğində kredit əldə edir. Bu kredit öhdəliyinin təminatı kimi onun dostu Akif öz mənzilini ipoteka ilə yüklü edir. Bir neçə il keçdikdən sonra Əli dünyasını dəyişir. Nəticədə, Bank Akifin mənzilinin hərrac yolu ilə satılması üçün məhkəməyə iddia qaldırır.
Bəs, Bankın bu tələbi
qanunauyğundurmu? Bu suala Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
özünün 19 aprel 2023-cü il tarixli plenum qərarı ilə aydınlıq gətirmişdir.
Hazırkı yazıda məhz həmin qərarın əsas müddəaları izah ediləcəkdir.
Konstitusiya Məhkəməsinin
Plenumu sözügedən məsələ ilə əlaqədar aşağıdakı məqamların vurğulanmasını zəruri
sayıb:
Kredit müqaviləsinin şərtlərinə
əsasən, kreditor (bank) müqavilədə göstərilən həcmdə və şərtlərlə pul vəsaitini
(krediti) borcluya vermək öhdəliyini, borclu isə həmin məbləği geri qaytarmaq və
hesablanmış faizləri ödəmək öhdəliyini üzərinə götürür. Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin (MM) 269-cu maddəsinə görə, ipoteka hüququ –
ipoteka saxlayanın (kreditorun) ipoteka qoyanın (borclu və ya üçüncü şəxs) əşyası
üzərindəki əşya hüququ olmaqla yanaşı, borclunun kreditor qarşısındakı pul və
ya digər öhdəliyinin icrasını təmin etmə üsuludur. “İpoteka haqqında” Azərbaycan
Respublikası Qanununun 1.0.6-cı maddəsi isə girov (ipoteka) hüququnu, girov
(ipoteka) saxlayanın təminat predmetinə (ipoteka qoyulmuş əmlaka) tutmanı yönəltmə
səlahiyyəti kimi müəyyən edir.
Göründüyü kimi,
ipoteka hüququ müqavilə əsasında yaranır. İpoteka müqaviləsinə görə, bir tərəf
(ipoteka qoyan) əsas öhdəliyin (məsələn, kredit borcunun) icrasını təmin etmək
məqsədilə mülkiyyətində olan daşınmaz əmlakı və ya dövlət reyestrində mülkiyyət
hüququ qeydə alınmış daşınar əşyanı ipotekaya qoyur. Qarşı tərəf (ipoteka
saxlayan) isə borclunun həmin öhdəliyi icra etməyəcəyi təqdirdə, ipoteka ilə
yüklü edilmiş əmlakın dəyəri hesabına digər kreditorlara nəzərən üstün qaydada
öz tələbini təmin etmək hüququ qazanır.
İpoteka müqaviləsinin
ləğvi (xitamı) üçün əsasların dairəsi məhduddur və qanunvericilikdə konkret şəkildə
müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun vəfat
etməsi ipoteka müqaviləsinə xitam verən hallar siyahısında göstərilmədiyindən,
borclunun ölümü müqavilənin hüquqi taleyinə təsir göstərmir. Başqa sözlə,
borclu vəfat etsə belə, ipoteka müqaviləsi üzrə öhdəliklər qüvvədə qalır.
Borclunun ölümü ilə
onun öhdəliklərinin qüvvədən düşməsinin və bağlanmış müqavilələrin təminatsız
qalmasının qarşısını alan hüquqi institutlardan biri də vərəsəlikdir. MM-nin
1151.1-ci maddəsinə əsasən, miras (miras əmlakı) dedikdə, miras qoyanın (mərhumun)
ölüm anınadək sahib olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin
(miras passivi) məcmusu başa düşülür. Yəni, mirası qəbul edən şəxslər (vərəsələr)
mərhumun borclarını da qəbul etmiş hesab olunurlar.
Mülki Məcəllənin
1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və ölümü ilə
xitam olunmayan bütün öhdəlikləri üzrə, onlara çatmış miras əmlakındakı
paylarına mütənasib şəkildə, müştərək borclu kimi məsuliyyət daşıyırlar.
Beləliklə,
Konstitusiya Məhkəməsinin Plenumu təsdiq edir ki, mirası qəbul etmiş vərəsələr
mərhumun kreditorları qarşısında borc öhdəliyinin icrasına görə birgə məsuliyyət
daşıyırlar.
Bəs, borclu vəfat
etdikdə, onun vərəsələrinə qarşı tələb irəli sürülmədən, kreditor birbaşa
ipoteka qoyana (təminat verən şəxsə) müraciət edə bilərmi?
Yuxarıda qeyd edildiyi
kimi, mirası qəbul edən vərəsələr mərhumun öhdəlikləri üzrə yeni borclulara
çevrildikləri üçün, onlar kreditorlar qarşısında öhdəliyin icrasına görə müştərək
məsuliyyət daşıyırlar. Lakin, əgər vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi (məsələn,
kredit üzrə aylıq ödənişi) icra etməzlərsə və ya lazımınca icra etməzlərsə, o
zaman kreditorun pozulmuş hüquqlarının bərpası üçün ipoteka qoyana qarşı tələb
irəli sürmək hüququ meydana çıxır.
Aydın olduğu kimi, öhdəliyin
icra günü çatdıqda borclu (və ya onun vərəsələri) tərəfindən icra edilməməsi,
öhdəliyin pozulması ilə nəticələnir. Məhz həmin tarixdən (əsas müqavilə üzrə
öhdəliyin pozulduğu gündən) etibarən kreditorun tələbinin ipoteka predmeti
hesabına ödənilməsi üçün (tutmanın ipoteka predmetinə yönəldilməsi) iddia
qaldırması mümkün olur.
Yekun olaraq,
Konstitusiya Məhkəməsi belə qənaətə gəlir ki, kreditorun borcun ödənilməsi üçün
ipoteka predmetinə tutmanı yönəltməyi tələb edə bilməsi üçün, ilk növbədə,
borclunun (onun vəfatı halında isə vərəsələrinin) icra vaxtı çatmış öhdəliyi
pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi şərtdir.
Bu hal baş verdikdən sonra ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn
öhdəliyin icrası barədə tələb irəli sürülə bilər.
Vərəsələrin məsuliyyətinin
həcmi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borclarına görə vərəsələrin
məsuliyyəti onlara çatmış mirasın dəyəri ilə məhdudlaşır. Məsələn, əgər atadan
övladlarına 100 min manat dəyərində miras əmlakı qalıbsa, atanın borcunun məbləği
nə qədər çox olursa olsun, övladlar maksimum 100 min manat həcmində məsuliyyət
daşıyacaqlar.
Yazının əvvəlindəki
nümunəyə qayıdaq: Əgər Əlinin ölümündən sonra onun mirasını qəbul etmiş vərəsələr
kredit öhdəliyini vaxtında yerinə yetirmirsə, yəni kredit ödənişlərini etmirlərsə,
bu halda X bankın Akifə qarşı irəli sürdüyü tələbin (ipoteka qoyulmuş evin
satışını tələb etməsinin) əsaslı olduğunu söyləmək mümkündür.
Mövzu ilə bağlı əlavə
suallarınız olarsa, sadəhüquq platformuna müraciət edə bilərsiniz.